Mirvais və ailəsi 2022-ci ildə silahlı şəxslər onun Britaniya təlimi almış polis zabiti olan böyük qardaşını güllələyib öldürdükdən sonra Kabildəki evlərini tərk ediblər və o vaxtdan bəri daim yerlərini dəyişirlər.
Təhlükəsizlik səbəbiylə adı dəyişdirilən Mirvais iddia edir ki, qardaşının qatilləri Taliban döyüşçüləri olub və onlar onu Qərb qoşunları ilə birgə Talibana qarşı döyüşdüyünə görə cəzalandırıblar.
"Bir gecə evdə idik, 20-30-a yaxın Taliban döyüşçüsü qapımızı döyüb qardaşımı dartıb çölə çıxartdı", – Mirvais AzadlıqRadiosuna deyib.
"Valideynlərim ağlayır və qardaşımı buraxmaları üçün onlara yalvarırdılar, amma onlar qardaşımı gözlərimizin qarşısında öldürdülər", –Mirvais bildirib. O, Britaniyadan ailəsinin Talibanın qisas məqsədli qətllərindən qorunmasına kömək etməsini istəyir.
Təsadüfi məlumat sızması nəticəsində Britaniya ordusu ilə işlədiklərini iddia edərək 2022-ci ildə sığınacaq üçün müraciət edən təxminən 25 min nəfərin şəxsi məlumatları üzə çıxıb. Minlərlə əfqan Talibanın qisasından qorxaraq Britaniyaya köçürülməsini istəyir.
AzadlıqRadiosuna danışan iki yüksəkrütbəli keçmiş əfqan təhlükəsizlik zabitinin sözlərinə görə, onların arasında həm hərbi, həm də mülki sahədə birbaşa Britaniya ordusu ilə işləyən şəxslər, eləcə də Britaniya tərəfindən təlim keçmiş, dəstəklənmiş və maliyyələşdirilmiş xüsusi əfqan polis qüvvələrinin üzvləri var.
"Taliban qardaşımı öldürüb, ailəmi hədələyib"
Məlumatın sızdırılması ilə bağlı ilk xəbəri iyulun 15-də "The Telegraph" qəzeti yazıb. Qəzetin yazdığına görə, məlumatların 2022-ci ilin fevralında bir Britaniya rəsmisi tərəfindən təsadüfən sızdırılmasından bəri 200-dən çox əfqan əsgərini və polis zabitini Taliban öldürüb.
"The Telegraph" qəzetinin məlumatına görə, aralarında ən azı bir qadın zabitin də olduğu öldürülən əfqanların adları və onlar barəsində məlumatlar iş üzrə müstəqil ekspertlər tərəfindən toplanıb. Məqsəd Böyük Britaniya və digər ABŞ rəhbərliyindəki qüvvələrlə çalışmış əfqanların vəziyyətini diqqətə çatdırmaqdır.
Onların arasında 2022-ci ilin aprelində Taliban tərəfindən saxlanılaraq öldürülən keçmiş yüksəkrütbəli polis zabiti Məhəmməd Qasım Qaem də var idi. Kaemin ailəsi onun cəsədini Talibandan alarkən işgəncə izlərinin olduğunu deyib.
"Taliban bizə dedi ki, əgər sağ qalmaq istəyirsinizsə, bu məsələni araşdırmağa çalışmamalısınız", - Qaemin qardaşı Nur-alam iyulun 21-də AzadlıqRadiosuna bildirib.
Məlumatın sızması 9 milyard dollardan çox başa gələ bilər
Məlumat sızması 2022-ci ilin fevralında adı açıqlanmayan bir Britaniya rəsmisinin hökumət xaricindəki şəxslərə e-poçt göndərməsi və həmin məktuba səhvən Britaniyada sığınacaq üçün müraciət etmiş təxminən 25 min əfqanın şəxsi məlumatlarını əhatə edən cədvəli əlavə etməsi nəticəsində baş verib.
Müraciət edənlər iddia edir ki, ya Britaniya ordusu ilə yanaşı vuruşublar, ya da belə şəxslərlə qohumluq əlaqələri var.
2022-ci ilin avqustunda anonim "Facebook" istifadəçisinin siyahıdan doqquz nəfərin adını paylaşaraq qalan adları da açıqlayacağını bildirməsindən sonra bu, Britaniya hakimiyyət orqanlarının diqqətinə çəkib. Britaniya "Facebook"un sahibi "Meta" ilə əlaqə saxlayıb və həmin paylaşım üç gün sonra silinib.
Taliban üçün "ölüm siyahısı" adlandırılan bu məlumat bazası Britaniya hökumətini adları ifşa olunan əfqanlara gizli şəkildə sığınacaq təklif etməyə vadar edib.
Təxminən 4 min 500 nəfər bu hadisədən sonra Britaniyaya təxliyə edilib. Lakin onların iddialarının doğru olub-olmaması yoxlanılmayıb. Əlavə olaraq, yaxın gələcəkdə daha 2 min 400 nəfərin Britaniyaya gəlməsi gözlənilir, digərləri isə hələ də Əfqanıstanda və ya üçüncü ölkələrdə qalır.
Bildirilir ki, əfqanların köçürülməsi Britaniya vergi ödəyicilərinə 9.4 milyard dollara başa gələcək.
Əvvəlcə gizli saxlanılan və böyük maliyyə xərclərinə səbəb olan bu misli görülməmiş məlumat sızması və köçürmələr iyulun 15-nə qədər ictimaiyyətə məlum olmayıb. Lakin həmin tarixdə Britaniyanın Ali Məhkəməsi hökumətin əldə etdiyi qadağanedici qərarı ləğv edib.
Taliban deyir ki, onlar Qərblə əməkdaşlıq edən əfqanları əfv edib
İki Taliban rəsmisi AzadlıqRadiosuna bildirib ki, onların hökuməti adı sızdırılan məlumat bazasında olan heç kimi "izləməyib, təqib etməyib və ya zərər verməyib".
Talibanın rəhbərlik etdiyi hökumətin sözçüsünün müavini Həmdulla Fitrat və Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani bir daha bəyan ediblər ki, ali rəhbər Heybətulla Axundzadə Britaniya hərbçiləri də daxil olmaqla NATO qüvvələri ilə birgə Talibana qarşı vuruşan bütün əfqanlar üçün amnistiya elan edib.
Rəsmilər siyahını gördüklərini iddia ediblər. Lakin onlar bunun yeni xəbər olmadığını bildiriblər, çünki keçmiş hökumətin müdafiə və daxili işlər nazirlikləri bütün sənədlərini geridə qoyub gedibmiş.
"Bu şəxsləri və onların ailələrini qorxutmaq üçün şayiələr yayılır. Biz bu şayiələri rədd edirik", - Fitrat AzadlıqRadiosuna bildirib. "Biz qisas almırıq".
Lakin bir çox əfqanlar Taliban hakimiyyətə gəldikdən sonra sənədləşdirilmiş çox saylı qətllər, həbslər, əsgərlərin və dövlət məmurlarının məcburi itkin düşməsi hallarına istinad edərək buna şübhə ilə yanaşır.
"Qoruma mütləq hər kəsi köçürmək demək deyil"
Keçmiş Əfqan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin sözçüsü olan general Əcmal Ömər Şinvari AzadlıqRadiosuna bildirib ki, Talibanın ali rəhbərliyi amnistiya təklif etsə belə, bu, qrupun aşağı səviyyəli rəsmiləri və döyüşçülərinin keçmiş düşmənlərinə qarşı qisas qətllərinin qarşısını ala bilməz.
Şinvari iyulun 22-də AzadlıqRadiosuna deyib ki, "Taliban rəhbərliyinin onlar üzərində tam nəzarəti yoxdur".
Şinvari Britaniya məlumatlarının sızması nəticəsində ifşa olunanların həyatı üçün təhlükələrin real olduğunu və Britaniyanın 20 il ərzində onun missiyasını dəstəkləyən əfqanları qorumaq üçün məsuliyyət daşıdığını vurğulayıb. Lakin o əlavə edib ki, qorunma mütləq hər kəsin Britaniyaya köçürülməsi demək deyil.
"NATO və Qərb hökumətləri Əfqanıstanda yaşayan keçmiş əfqan əsgərlərin təhlükəsizliyini təmin etmək üçün strategiya hazırlamalı və onu beynəlxalq təşkilatlar, xüsusilə də BMT vasitəsilə həyata keçirməlidir", - Şinvari bildirib.
Talibanın rəhbərlik etdiyi hökuməti Rusiyadan başqa heç bir ölkə rəsmən tanınmayıb. Bununla belə, Şinvari hesab edir ki, Qərbin Kabil hökuməti üzərində təsir rıçaqları var, bu hökumət özünün legitim çatışmazlığının fərqindədir və beynəlxalq ictimaiyyətlə əlaqə qurmaq istəyir.
Britaniya mediası 2021-ci ilin avqustunda NATO-nun liderlik etdiyi qoşunların Əfqanıstanı tərk etməsindən sonra 36 mindən çox əfqanın Böyük Britaniyaya köçdüyünü bildirib.